CƏMİYYƏT
Pekində Dünya Media Sammitinin mükafatları qaliblərə təqdim edilib
Pekin, 27 yanvar, AZƏRTAC
Çinin paytaxtı Pekində Sinxua agentliyinin ev sahibliyi ilə Dünya Media Sammitinin “Mükəmməllik üçün qlobal mükafat-2014” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub.
Yazılı və görüntülü (foto və video) xəbərləri əhatə edən ilk qlobal müsabiqə olan “Mükəmməllik üçün qlobal mükafat”ın müxtəlif nominasiyalarda qalibləri beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.
Müsabiqənin “İctimai rifah” nominasiyasının inkişaf edən ölkələrdə nümunəvi xəbər komandası üzrə qalibi “Əl-Cəzirə” (Qətər) telekanalı, nümunəvi xəbər peşəkarları üzrə isə “The Hindu” (Hindistan) qəzeti olub.
“USA Today” qəzeti və “Global Post” onlayn nəşri (hər ikisi ABŞ) müvafiq olaraq “Media innovasiyası” və “Yeni media xəbərçiliyi” nominasiyalarında qalib olublar.
Bundan başqa, bir neçə KİV-ə, fərdi jurnalistə və təşkilata fəxri diplomlar verilib.
Qeyd edək ki, Azərbaycan Dövlət teleqraf Agentliyi (AZƏRTAC) Dünya Media Sammitinin keçirdiyi bu müsabiqəyə dəstək verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin