CƏMİYYƏT
Penitensiar xidmətdə bu ilin altı ayının yekunları müzakirə olunub
Bakı, 20 iyul, AZƏRTAC
Penitensiar xidmətdə 2017-ci ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov tədbiri açaraq Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə iyulun 12-də keçirilmiş 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlərin nəzərdə tutulduğunu bildirib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın icrası üzrə müvafiq komissiya yaradılıb. Komissiya tərəfindən müvafiq xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi, məntəqə tipli cəzaçəkmə müəssisələrində işin qanunvericiliyə uyğun təşkili, əməkdaşların sosial müdafiəsi və digər məsələlər üzrə hazırlanmış təkliflər hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim edilib.
Diqqətə çatdırılıb ki, baş idarədə və tabe qurumlarda təmir-abadlıq işləri aparılıb, iş şəraitinin yaxşılaşdırılması məqsədilə xidməti otaqlar yeni müasir mebel dəstləri, zəruri avadanlıq və inventarla təchiz edilib. Dövlətimizin başçısı humanist təşəbbüslə çıxış edərək uzun illər məhkumlara, onların ailələrinə qayğı ilə yanaşmanı davam etdirib. Bu il martın 16-da 423 məhkumun, o cümlədən azadlıqdan məhrum etmə cəzasını çəkən 414 məhkumun əfv edilməsi ilə bağlı imzalanan Sərəncamın vaxtında və dürüst icrası təmin olunub.
Penitensiar xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov xidmətin 2017-ci ilin birinci yarımilliyi ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi fəaliyyəti tənzimləyən cəza-icra qanunvericiliyində, digər normativ aktlarda nəzərdə tutulmuş tələblərin, müxtəlif sahələr üzrə uzunmüddətli dövlət proqramlarında, Ədliyyə Nazirliyinin kollegiya qərarlarında əksini tapmış tapşırıqların yerinə yetirilməsi, Penitensiar xidmətin baş idarəsi və tabe qurumların maddi-texniki bazasının inkişaf etdirilməsi, nizam-intizamın möhkəmləndirilməsi, təqsirləndirilən şəxslərin və məhkumların qanunvericiliklə genişləndirilmiş hüquqlarının təmin edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun səmərəli fəaliyyətininin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Bildirilib ki, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 72 mobil telefon, 79,343 qram müxtəlif narkotik və psixotrop maddələr, 58 litr qıcqırdılmış maye aşkarlanaraq götürülüb. Həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına təqdim olunub. Digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 297 müxtəlif, o cümlədən xüsusilə ağır cinayətlərin üstünün açılmasına kömək göstərilib.
Hesabat dövrü ərzində pozuntulara yol verən 132 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 6 nəfər tutduğu vəzifədən azad edilib, 10 əməkdaş isə ədliyyə orqanlarından xaric olunub.
Müşavirədə Penitensiar xidmətin ayrı-ayrı idarə rəisləri və cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.
Əməliyyat müşavirəsinə yekun vuran ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsinə dair tapşırıqlar verib.
Eyni zamanda, nazir müavini nizam-intizamın gücləndirilməsi, islah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsi istiqamətində səylərin artırılmasının, özbaşınalıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, korrupsiya halları ilə mübarizənin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.