İQTİSADİYYAT


Pirallahı Sənaye Parkında inşa ediləcək zavoda 20,6 milyon dollar investisiya qoyulacaq

Bakı, 16 yanvar, Elvin Camalov, AZƏRTAC 

Pirallahı Sənaye Parkında inşa ediləcək əczaçılıq zavoduna 20,6 milyon ABŞ dolları investisiya qoyulacaq

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

O bildirib ki, Pirallahı Sənaye Parkında 5 hektar ərazidə inşa edilən "Caspian Pharmed" əczaçılıq zavoduna ilkin mərhələdə 20,6 milyon dollar investisiya qoyulacaq.

Nazir bildirib ki, sənaye parkında sayca ikinci olan əczaçılıq zavodunda ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, antihistamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal olunacaq. Azərbaycanın dövlət başçısının tapşırığına əsasən, ölkədə sənayenin yeni bir sahəsinin inkişaf etdirilməsinə start verilib. Ötən il noyabrın 2-də Rusiya şirkəti ilə birgə yaradılan birinci zavodun təməli qoyuldu. Bu gün isə İranla yaradılan birgə müəssisənin təməli qoyuldu.

Nazir qeyd edib ki, zavod Almaniya və İtaliyada istehsal olunan avadanlıqlarla təchiz olunacaq. Müəssisənin tikinti dövrü təxminən il yarım çəkəcək. Gələn ilin üçüncü rübündə artıq zavodda istehsala başlanılacaq. Burada istehsal edilən dərmanlar ən yüksək standartlara cavab verəcək.

"Zavodda istehsal edilən dərmanların böyük hissəsi Azərbaycanda daxili istehlaka yönəldilsə də, bir hissəsi ixrac olunacaq. Təqdim edilən biznes plana əsasən burada istehsal olunan dərmanların Rusiya, Gürcüstan və Qazaxıstan bazarlarına da ixrac edilməsi nəzərdə tutulub. Birinci mərhələdə burada 90 nəfər işlə təmin olunacaq, işçilərin əməkhaqqı minimum 700 manat təşkil edəcək. Eyni zamanda zavod 7 il müddətinə dövlətin sahibkarlıq subyektləri üçün müəyyənləşdirdiyi güzəştlərdən yararlanacaq", - deyə nazir vurğulayıb.

Ş.Mustafayevin sözlərinə görə, müəssisənin özünüödəmə müddəti 7 il 2 ay nəzərdə tutulub, daxili rentabellik norması 17,24 faiz olacaq. Bu kifayət qədər yüksək rentabellik səviyyəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.