CƏMİYYƏT
Pirallahıda qəsəbədaxili yollar yenidən qurulur
Bakı, 25 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin Bakının Pirallahı rayonunda qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi Sərəncama uyğun olaraq, qəsəbədəki mərkəzi yolda yenidənqurma, məhəllədaxili yollarda isə əsaslı təmir işləri aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, uzunluğu 8,5 kilometr olan yolda xeyli genişlənmə işləri aparılıb: 4 kilometr məsafədə yolun eni 8 metrdən 12 metrə, 4 kilometrdən sonrakı hissədə isə 12 metrdən 15 metrə çatdırılıb. İki gediş-gəlişi olan yol 4 hərəkət zolağından ibarətdir. Layihə çərçivəsində yeraltı kommunikasiya xətləri dəyişdirilib, yeni piyada səkiləri və işıqlandırma sistemi qurulması üçün tədbirlər görülüb, zəruri olan yerlərdə səth sularının kənarlaşdırılması üçün 12 ədəd suötürücü qurğu quraşdırılıb. İndi mərkəzi yolda asfaltlanma və səki daşlarının düzülməsi işləri aparılır. Artıq əraziyə 8 min poqonmetr səki daşları düzülüb. Asfaltlanma işləri yekunlaşandan sonra yolun xətlənməsi işləri aparılacaq, zəruri olan yerlərdə 50 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq.
Qala-Pirallahı avtomobil yolunda körpünün girişinə qədər 1 kilometr uzunluğunda olan yanaşma yolunun tikintisi də yekunlaşmaq üzrədir. Aparılan yenidənqurma işləri çərçivəsində yolun eni 7 metrdən 21-22 metrə qədər genişləndirilib, 25 metr enində yeni yol yatağı inşa edilib. Ümumilikdə 3,3 min kvadratmetr sahədə piyadalar üçün yolu tikilib, səkilərin və yol ayrıcının kənarlarına isə 6,4 min poqonmetr səki daşları düzülüb. Ərazi müasir işıqlandırma sistemi ilə təmin olunub və 20 işıq dirəyi quraşdırılıb.
Pirallahı körpüsünün digər hissəsinin yanaşma yolunda da işlər sürətlə davam edir. Hazırda burada yeni yol yatağı inşa olunur. Həmçinin 850 metr uzunluğunda olan yolda da yenidənqurma işləri aparılır. Layihə çərçivəsində yolun yatağı 12 metrə qədər genişləndirilib. Asfalt döşənəndən sonra layihəyə uyğun olaraq burada 20 yol nişanı quraşdırılacaq, üfüqi nişanlama xətləri çəkiləcək, 20 ədəd dəmir boru, həmçinin səth sularının kənarlaşdırılması üçün yağış barmaqlıqları yerləşdiriləcək.