CƏMİYYƏT
Pirsaatçay çayından sel keçib
Bakı, 19 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, bəzi yerlərdə yağan leysan xarakterli intensiv yağış nəticəsində bəzi çaylarda sululuq artıb, iyunun 17-də Pirsaatçay çayından isə sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 40, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, iyunun 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 22 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 275 kubmetr olmaqla ongünlük normanın 47 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 475 kubmetr olmaqla ongünlük normanın 81 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 122 kubmetr olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 185 kubmetr təşkil edərək ongünlük normanın 109 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 2, Salyanda 8, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində 30 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 410 (2016-cı il iyunun 19-da 351 sm), Şirvanda 285, Salyanda 215 (2016-cı il iyunun 19-da 162 sm), Bankədə 200 (2016-cı il iyunun 19-da 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 115 santimetr (2016-cı il iyunun 19-da 68 sm) təşkil edir.