CƏMİYYƏT
Planetimizin hər 20 sakinindən biri narkotik istifadəçisidir
Bakı, 24 iyun, AZƏRTAC
Dünyada təqribən 27 milyon insan narkotik asılılıqdan əziyyət çəkir. Onların 12 milyonu iynə vuran narkomanlardır. 2014-cü ildə dozanı aşmaq və narkotiklərdən istifadə ilə bağlı digər səbəblər üzündən 207 min adam həlak olub. Bu məlumatlar BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin yeni məruzəsində yer alıb.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, iynə vuran narkomanlar dünyanın bir çox ölkələrində lazımi tibbi yardımdan məhrumdur. Bu yanlış siyasət nəticəsində narkotikləri iynə ilə qəbul edən 12 milyon insanın 14 faizi İÇV/QİÇS-ə yoluxub.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov deyib: “Məruzədə dünya narkotik bazarında vəziyyətin hərtərəfli şərhi təqdim olunub, təchizat marşrutları və narkomaniyanın sağlamlığa vurduğu ziyanın nəticələri əksini tapıb”. O xatırladıb ki, məruzə apreldə narkotiklər probleminə dair xüsusi sessiya başa çatandan sonra açıqlanıb.
Məruzə müəllifləri bildirirlər ki, 2014-cü ildə planetimizin 15-64 yaş arasında hər 20 sakinindən biri, yəni Almaniya, İtaliya, Böyük Britaniya və Fransa əhalisinin ümumi sayı qədər adam (250 milyon) hər hansı narkotik vasitə qəbul edib. Dünyada ən geniş yayılmış narkotik vasitə həşişdir. 2014-cü ildə 183 milyon adam bu narkotikin istifadəçisi olub. Narkomanlar arasında populyarlığına görə ikinci yeri anfetaminlər tutur.
Son vaxtlar Avropada heroinin populyarlığı artır. Bu narkotik vasitə əsasən “Balkan” marşrutu ilə daşınır. Əfqanıstanda hazırlanan opiatlar (morfin və heroin) İran, Türkiyə və Cənub-Şərqi Avropa əraziləri ilə Qərbi və Mərkəzi Avropaya göndərilir. Amma son vaxtlar Əfqanıstandan “şimal marşrutu” ilə qonşu Mərkəzi Asiya ölkələrinə, Rusiya Federasiyasına və digər MDB ölkələrinə morfin və heroinin qanunsuz dövriyyəsinin fəallaşması müşahidə olunur.
Y.Fedotov vurğulayıb: “Heroin hələ də ən çox adam tələf edən narkotikdir. Bu problem təcili həll olunmalıdır”.
Son illər kokain istehlakında sabitlik müşahidə edilib. 2014-cü ildə kokain qəbul edən narkomanların sayı 18,8 milyona bərabər olub.