Polis Akademiyasında vakant orta və böyük rəis heyəti vəzifələrinə müsabiqə elan edilir
Bakı, 9 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Polis Akademiyasında vakant olan orta və böyük rəis heyəti vəzifələrinə müsabiqə elan edir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə mülki hüquq kafedrasının müəllimi və baş müəllimi vəzifələrinə namizədlər dövlət ali təhsil müəssisələrinin hüquq təhsili üzrə magistr pilləsini bitirən şəxslər olmalıdır.
Dil hazırlığı kafedrasının müəllimi və baş müəllimi vəzifələrinə namizədlər isə dövlət ali təhsil müəssisələrinin magistr pilləsini ingilis dili ixtisası üzrə bitirmiş olmalıdırlar.
Müsabiqədə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən olunmuş şərtlərə cavab verən, 20-30 yaşlarında Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqənin şərtlərinə cavab verən namizədlərin sənədləri, bilik və bacarıqları Müsabiqə Komissiyası tərəfindən yoxlanıldıqdan sonra toplanılacaq.
Elmi dərəcəyə malik olan şəxslərə müsabiqə zamanı üstünlük veriləcək.
Müsabiqədən uğurla keçmiş namizədlərın sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər dekabrın 4-dən 30-dək hər gün (qeyri-iş günləri istisna olmaqla) saat 10:00-dan 18:00-dək Daxili İşlər Nazirliyinin Polis Akademiyasına (Bakı şəhəri, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 3) müraciət etməlidirlər. Namizədlər müraciət zamanı şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında sənədin əslini, hərbi bileti, əmək kitabçasını (olanlar üçün) təqdim etməlidirlər.
Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə DİN-in kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyənləşdirilən qaydada daxili işlər orqanları əməkdaşlarına şamil edilən imtiyazlardan istifadə hüququ olacaq.
Daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində pul müavinəti, kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə üçün əməkdaşa və onun hər bir ailə üzvünə kompensasiya, DİN-in Tibb İdarəsinin Respublika Hospitalında, poliklinikalarında əməkdaşa və onun ailə üzvlərinə pulsuz tibbi xidmət, DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinə yollayışın qiymətinin əməkdaşa 75 faizi, ailə üzvlərinə 50 faizi miqdarında imtiyaz, eləcə də xidmət zamanı şəhərdaxili ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə kimi əlavə güzəştlər verilir.
Müsabiqə əsasında vəzifəyə təyin olunmuş şəxslərin xidmət yerləri gələcəkdə polisin digər xidmət sahələrinə dəyişdirilməyəcək.
Əlavə məlumatı www.mia.gov.az və www.pa.edu.az saytlarından, eləcə də (012) 454-12-78 nömrəli əlaqə telefonu vasitəsilə almaq mümkündür.