CƏMİYYƏT
Polis-vətəndaş birgə tədbirləri insan alverinə qarşı mübarizədə öz səmərəsini göstərir
Bakı, 5 iyun, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “İnsan alveri ilə mübarizədə yeni standartların tətbiqi” layihəsi çərçivəsində “Gender əsaslı zorakılıq - insan alveri və məişət zorakılığı qurbanları ilə davranış modeli” adlı təlim keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən şöbə rəisi, polis polkovniki Telman Ağasiyev belə təlimlərin insan alverinə, ailə və məişət zorakılığına qarşı mübarizədə səmərəli rolundan danışıb.
İctimai Birliyin sədri Mehriban Zeynalova məlumat verib ki, DİN insan alverinə qarşı mübarizədə çox fəal mövqedədir. Amma bu məsələdə aidiyyəti dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları və könüllülər də fəallıq göstərməlidirlər. Belə tədbirlərin məqsədi insan alverinə qarşı mübarizənin səmərəliliyini artırmaq, əhalinin bu problemlə bağlı maarifləndirilməsi işlərini və ictimai səyləri yüksəltmək, insan alverinin qarşısını almağa nail olmaqdır.
Sonda polis əməkdaşlarına bukletlər paylanılıb, suallar cavablandırılıb.