CƏMİYYƏT


Polis veteranları cəbhə bölgəsində görüşlər keçiriblər

Bakı, 13 iyun, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov və bir qrup polis veteranı cəbhə bölgəsində - Tərtər, Goranboy, Xocalı rayonlarında səfərdə olublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Tərtər rayon mədəniyyət evində Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin təşkilatçılığı ilə “Milli vətənpərvərlik tərbiyəsi” mövzusunda orta məktəblərin pedaqoji kollektivləri, yuxarı sinif şagirdləri, şəhid ailələri ilə görüş keçirilib.

RPŞ-nin rəisi, polis polkovniki Rauf Məcidov qeyd edib ki, bu gün ölkəmiz dünya birliyində öz layiqli yerini tutub. Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizdə sabitliyin layiqincə qorunmasının və davamlı inkişafın təmininin əyani təsdiqidir. Azərbaycanın hərbi qüdrətinin durmadan artmasının, dövlətimizin başçısının cəbhə bölgəsinə tez-tez səfərlər etməsinin və hər dəfə hərbçilərlə, rayon ictimaiyyəti ilə keçirdiyi görüşlərin əhalidə ruh yüksəkliyi yaratdığı diqqətə çatdırılıb. R.Məcidov sabahımızın qurucuları olan gənclərin onlara göstərilən etimadı layiqincə doğrultmaları üçün vətənpərvərlik ruhunda tərbiyə olunmalarının əhəmiyyətindən danışıb.

DİN-in Veteranlar Şurasının sədri F.Süleymanov çıxışında bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onilliyinə qədəm qoymuş Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli Liderin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti məhz bu amala xidmət edir. O bildirib ki, vətənpərvərlik hissi tariximizə, doğma torpaqlarımıza bağlılıqdan və onları düşməndən qorumaqla başlayır. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən asılıdır.

Sonra müvafiq tədbir Goranboy rayonunda keçirilib. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini və şəhidlər xiyabanını ziyarət ediblər.

İctimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edən istefada olan polis polkovniki F.Süleymanov, Rayon Polis Şöbəsinin təmsilçiləri vətənpərvərlik hissinin böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır.

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində polis veteranları və tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Görüşdə dövlətimizin qüdrətinə, sabahımıza inam ifadə olunub. Çıxış edənlər aprel döyüşləri zamanı ordumuzun qüdrətinin bir daha şahidi olduqlarını bildirib, gənclərimizin vətənpərvərlik ruhunu yüksək dəyərləndiriblər. İctimaiyyətin təmsilçiləri işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminliklərini bildiriblər.

Görüşlərdə DİN-in Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşları - polis polkovnik-leytenantları Elxan Mürsəlov və Laçın Paşayev iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.