CƏMİYYƏT
Polis veteranları fəallıq göstərirlər
Bakı, 27 aprel, AZƏRTAC
Daxili işlər orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi, polis və vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi, ictimai təhlükəsizliyin təmini, cinayətlərin profilaktikası məqsədilə polis veteranları vaxtilə çalışdıqları ərazi polis orqanlarında və nizami hissələrdə daha sıx təşkilatlanaraq fəallıq göstərirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis veteranları şəxsi heyətin xidməti və peşə hazırlığında gənc əməkdaşlara əməli kömək göstərilməsində bacarıqlarını əsirgəmirlər. Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nikah və intihar hallarının qarşısının alınması məqsədilə polis şöbələri rəhbərliyi və aidiyyəti xidmət əməkdaşları polis veteranları ilə birgə ayrı-ayrı təhsil müəssisələrində, kəndlərdə vətəndaşlarla görüşlər keçirərək hüquqi mövzularda maarifləndirmə işləri aparırlar.
Belə görüşlərin bir neçəsi bu yaxınlarda Tovuz Rayon Polis Şöbəsinin veteranlar şurasının təşəbbüsü ilə gerçəkləşib. Şura üzvləri rayonun ayrı-ayrı təhsil müəssisələrində, Qaraxanlı kənd mərkəzində Xatınlı, Qədirli, Əyyublu və digər kəndlərdə, Qovlar şəhərində vətəndaşlarla görüşlər keçirərək əhali arasında maarifləndirmə işləri aparıblar.
Cari ilin ötən dövründə rayon polis şöbəsinin veteranlar şurasının üzvləri 8 mənzil oğurluğu, 1 dələduzluq, 10 yol-nəqliyyat hadisəsi, 2 narkotik vasitələrin qanunsuz dövriyyəsi, 2 seksual xarakterli hərəkət, 10 qəsdən sağlamlığa az ağır xəsarət yetirmə hadisələrini törətmiş şəxslərin, həmçinin axtarışda olan 5 nəfərin yerinin müəyyənləşdirilməsində, 7 nəfər itkin düşmüş şəxsin tapılmasında yaxından kömək göstəriblər.