CƏMİYYƏT
Polşa miqrasiya işçilərinin Azərbaycana səfəri
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsi (ŞACQKT) çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi Polşa miqrasiya işçilərinin Azərbaycana səfərini təşkil edib.
Oktyabrın 21-də başlayan və bu ayın 23-dək davam edəcək səfərin məqsədi ŞACQKT layihəsinə cəlb olunan iştirakçı və tərəfdaş ölkələr arasında qaçqın statusunun müəyyənləşdirilməsi sahəsində təcrübə mübadiləsini asanlaşdırmaqdan ibarətdir.
Səfərdə Polşa miqrasiya ekspertləri ilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında oktyabrın 22-23-də məşvərətçi görüşlər təşkil olunacaq.
Məşvərətçi görüşlərin sessiyaları polşalı ekspertlər və Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin əməkdaşları tərəfindən aparılacaq.
Azərbaycan Respublikası ötən ilin aprelində fəaliyyətə başlayan Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsində iştirak edən altı ölkədən biridir. İkiillik layihə Avropa İttifaqı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən birgə maliyyələşdirilərək həyata keçirilir. Bu layihə altı ölkədə sığınacaq prosedurları və qaçqınların himayəsini yaxşılaşdırmağa yönəlib.
Layihə Azərbaycan Respublikası ilə yanaşı, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanı da əhatə edir.