CƏMİYYƏT
Polşanın miqrasiya işçiləri Azərbaycanda səfərdə olublar
Avropa İttifaqının maliyyələşdirdiyi Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsi (ŞACQKT) çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi Polşa miqrasiya işçilərinin Azərbaycana səfərini təşkil edib.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqsədi ŞACQKT layihəsinə cəlb olunan iştirakçı və tərəfdaş ölkələr arasında qaçqın statusunun müəyyənləşdirilməsi sahəsində təcrübə mübadiləsini asanlaşdırmaqdan ibarət olan səfər çərçivəsində oktyabrın 22-23-də Polşa miqrasiya ekspertləri ilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında məşvərətçi görüşlər təşkil olunub.
Görüşlərin sessiyaları polşalı ekspertlər və Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin əməkdaşları tərəfindən aparılıb.
Azərbaycan Respublikası 2013-cü ilin aprelində fəaliyyətə başlayan Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsində iştirak edən altı ölkədən biridir. İki illik layihə Avropa İttifaqı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən birgə maliyyələşdirilərək həyata keçirilir. Bu layihə altı ölkədə sığınacaq prosedurları və qaçqınların himayəsini yaxşılaşdırmağa yönəlib.