RƏSMİ XRONİKA


Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib YENİLƏNİB VİDEO

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Azərbaycanda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatları əks etdirən stendlərlə tanış oldular.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident İlham Əliyevə 2008-2017-ci illərdə salınan yaşıllıqlar barədə məlumat verdi. Bildirildi ki, dövlətimizin başçısının tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq, bu illərdə ölkədə ümumilikdə 5 milyon 200 minə yaxın ağac əkilib. Həmin ağacların əkildiyi sahələr damcılı suvarma sistemi ilə təchiz edilib. Əsasən zeytun, badam, nar, innab, püstə, qoz və fındıq ağaclarının əkilməsinə daha çox üstünlük verilib. Təkcə bu ilin ötən dövründə ölkədə aqrobağların yaradılması məqsədilə 1 milyondan çox aqrar əhəmiyyətli ağaclar əkilib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkdilər.

Mayın 10-da Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq massivində 9 minə yaxın aqrar əhəmiyyətli və digər növ ağaclar əkildi.

Dövlətimizin başçısı və birinci xanım ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdirdilər.

Bütün bunlar bir daha təsdiqləyir ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ekologiyanın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, ölkəmizdə reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri ətraf mühitin mühafizəsini və insanların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Bunun bariz nümunəsi Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya İli” elan etməsi olub. Dövlətimizin başçısı neftlə və digər istehsalat tullantıları ilə çirklənmiş torpaqların, lay suları altında qalan ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşıb. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə bağlı əməli işlər görülüb, ölkədə milyonlarla ağac əkilib, yeni park və xiyabanlar salınıb. Bir vaxtlar neft tullantıları ilə çirklənən indiki “Ağ şəhər” və digər ərazilərdə görülən işlərin nəticəsində neft çöküntüləri təmizlənib. Bu ərazilər paytaxtın müasir yaşayış və mədəniyyət komplekslərinə, Prezident İlham Əliyevin dediyi kimi, müasir ekoloji layihələrə çevrilib. Bütün bunlar ətraf mühitin qorunmasına, xüsusilə də vətəndaşların sağlam mühitdə yaşamasına xidmət edir. Ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, həmçinin qanunsuz ağac kəsilməsinə qarşı dövlətimizin başçısının nümayiş etdirdiyi qətiyyətli mövqenin təməlində isə yalnız bir amal dayanıb: insanların sağlamlığının qorunması.

Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizdə yaşıllıqların artırılmasına, mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Bu məsələdə Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var.

Qeyd edək ki, müxtəlif vaxtlarda həyata keçirilən ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə edib. Bu gün vətəndaşların ağacəkmə aksiyalarında, yaşıllıqlar salınmasında, şəhər və rayonlarımızda təmizlik işlərində fəal iştirakı bunun əyani göstəricisidir. Ekspertlərin fikrincə, bu gün Azərbaycanda ekologiyanın qorunması, əhalinin sağlamlığının təmin edilməsi istiqamətində görülən işlər bir çox ölkələrə nümunə ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır