CƏMİYYƏT
Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasına seçkilər elan edilib
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının yeni heyətinə seçkilər elan olunub.
AZƏRTAC xəbər verir ki, Fondun Nizamnaməsinə əsasən, Müşahidə Şurasının üzvlərinin beşi müvafiq dövlət orqanlarını, dördü isə gənclər təşkilatlarını təmsil edir.
Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti dörd ildir. Səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq, Müşahidə Şurasının üzvlüyünə gənclər təşkilatları tərəfindən namizədlərin irəli sürülməsini təmin etmək üçün fevral ayı ərzində həmin təşkilatların yığıncağının keçirilməsi planlaşdırılır. Yığıncaqda iştirak etmək və namizədləri irəli sürmək üçün gənclər təşkilatları 2017-ci il fevralın 16-dək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna ərizə ilə müraciət edə bilərlər.
Daha ətraflı məlumatı Gənclər Fondunun rəsmi saytından (http://youthfoundation.az) əldə etmək olar.