CƏMİYYƏT


Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 10-da prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş müsabiqənin növbəti yazılı imtahan mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib. İmtahanı 30-a yaxın dövlət qurumu, QHT və KİV nümayəndələri müşahidə ediblər.

Baş prokurorun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov jurnalistlərə bildirib ki, Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yolu olmaqla bərabər, həm də xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla reallaşdırdığı dövlət gənclər siyasətinə tam uyğun şəkildə aparılır.

2002-ci ildən başlayaraq prokurorluğa işə qəbulun bu yolla həyata keçirilməsi kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaradıb, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə dövlətimizin başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olub.

Müsabiqə yolu ilə işə qəbul edilmiş gənc mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 59 faizini təşkil etməklə təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər. Xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 663 gənc hüquqşünasın bir çoxu prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkiliblər.

Məlumat verilib ki, test imtahanı mərhələsində müsbət nəticə əldə etmiş 207 nəfər bu gün keçirilən müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. Hazırda yazılı imtahanda onlardan 197 nəfəri iştirak edir. Yazılı imtahanın məqsədi namizədlərin qanunları və digər normativ hüquqi aktları düzgün tətbiq etmək sahəsindəki qabiliyyətlərinin müəyyənləşdirilməsidir. Yazılı imtahandan 30-dan çox bal toplayanlar müsahibə mərhələsinə buraxılacaqlar. Əvvəlcədən Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olanlar üçün 100 ştat vahidi üzrə müsabiqə elan edilib.

Ümumiyyətlə, müsabiqənin yazılı imtahan mərhələsində iştirak edən 197 namizəddən 28-i qadın olmaqla, onlar Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının, Naxçıvan Dövlət Universitetinin və digər ali təhsil müəssisələrinin məzunlarıdır.

İmtahanı müşahidə edən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti, ədliyyə naziri yanında fəaliyyət göstərən ictimai komitənin üzvü Rauf Zeyni deyib ki, prokurorluq orqanlarına işə qəbul prosesi tam şəffaf və demokratik prosedurlar əsasında həyata keçirilir. Sevindirici haldır ki, aparılan islahatlar nəticəsində son vaxtlar prokurorluq orqanlarında çalışan gənclərin və qadınların sayı artmaqdadır. Qeyri-hökumət təşkilatları bu sahədə ictimai nəzarətin və şəffaflığın təmin olunması istiqamətində hüquq mühafizə orqanları ilə gələcəkdə də sıx əməkdaşlıq edəcək.

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na müvafiq olaraq yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq. Eyni zamanda, bu barədə məlumatlar Baş Prokurorluğun internet saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az,) yerləşdiriləcək.

Müsabiqə ilə bağlı ətraflı məlumat almaq üçün 437-28-56, 492-62-23 və 492-06-82 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.