CƏMİYYƏT
“QHT İdarəetmə Akademiyası: Beynəlxalq təcrübə” layihəsi çərçivəsində silsilə tədbirlər davam edir
Bakı, 30 noyabr, AZƏRTAC
“QHT İdarəetmə Akademiyası: Beynəlxalq təcrübə” layihəsi çərçivəsində seminarlar keçirilib. Sabunçu rayonunun Gənclər Evində rayon gənclərinin iştirakı ilə keçirilən seminar “Erasmus+ proqramında gənclərin iştirakı və gənclər evlərinin rolu” mövzusuna həsr olunub. Azərbaycan Turizm və Menecment Universitetində tələbələrin iştirakı ilə keçirilən seminar isə “Dayanıqlı İnkişaf Məqsədləri və gənclər təşkilatlarının BMT-də rolu” mövzusunda təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “QHT İdarəetmə Akademiyası: Beynəlxalq təcrübə” layihəsi “QHT İdarəetmə Akademiyası” (QİDA) Proqramı çərçivəsində ilk dəfə olaraq beynəlxalq təlim kursu formatında xarici ekspertlərin iştirakı ilə keçirilir. Gənclər Təşkilatları Milli Şurası tərəfindən keçirilən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilati dəstəyi, Avropa Gənclər Forumu və “AİESEC Qlobal”ın tərəfdaşlığı ilə reallaşır. Layihənin əsas məqsədi gənclər təşkilatlarının beynəlxalq sahədə təcrübəsinin artmasına təkan vermək, onların beynəlxalq təşkilatlarda təmsil olunmasına yardımçı olmaq, beynəlxalq platformalar ilə daha yaxından tanış etmək, BMT Dayanıqlı İnkişaf Məqsədləri haqqında və gənclər təşkilatlarının BMT strukturları ilə əməkdaşlığına dair ətraflı məlumat verməkdir.
“Dayanıqlı İnkişaf Məqsədləri və gənclər təşkilatlarının BMT-də rolu" mövzusu üzrə təlimçi İvana Gusik deyb: “QHT İdarəetmə Akademiyası: Beynəlxalq təcrübə” layihəsi çərçivəsində keçirilən təlim və seminarlar gənclər üçün çox əhəmiyyətlidir. Layihənin artıq ilk günü başa çatıb. İlk gün çox məhsuldar və xoş təəssüratlarla yadda qaldı”.
“Avropa fondları vasitəsilə Fandreyzinq” mövzusu üzrə beynəlxalq təlimçi Aleksandr Bakun qeyd edib ki, “QHT İdarəetmə Akademiyası: Beynəlxalq təcrübə” layihəsi gənclər üçün maraqlı və vacib layihədir. Beş gün ərzində ölkənizin müxtəlif gəncləri ilə yaxından tanış oldum. Bu sahədə bildiklərimi gənclərə çatdırmağa çalışdım. Əlbəttə ki, mən də onlardan yeniliklər öyrəndim. Ümid edirəm ki, bu layihə bir çox gəncin peşəkar fəaliyyətində dəyişikliklərə səbəb olacaq.
Qeyd edək ki, 2013-cü ildən start verilən “QHT İdarəetmə Akademiyası” (QİDA) Proqramı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) tərəfindən həyata keçirilir. QİDA proqramı çərçivəsində həyata keçirilən təlim kurslarının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Bu günə qədər 73 gənclər təşkilatından 720 iştirakçı QİDA proqramı çərçivəsində 54 təlimdə iştirak edib.