CƏMİYYƏT
QHT-media əlaqələrinin möhkəmləndirilməsi məsələsi müzakirə olunub
Oktyabrın 31-də Milli QHT Forumu (MQF) “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı növbəti ictimai müzakirələr çərçivəsində “Vətəndaş cəmiyyətinin inkişafı məqsədilə QHT-media əlaqələrinin gücləndirilməsi” mövzusunda tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, MQF-nin prezidenti Rauf Zeyni tədbirdə çıxış edərək media və qeyri-hökumət təşkilatları arasında daimi əməkdaşlığın olduğunu, QHT-lərin həyata keçirdiyi tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırıldığını söylədi.
Layihə haqqında məlumat verən R.Zeyni Konsepsiyadan irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələr çərçivəsində artıq üçüncü görüşün keçirildiyini, bundan əvvəlki mövzuların da aktual məsələlərə həsr olunduğunu bildirdi. O, keçirilən müzakirələrin bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına xidmət etdiyini dedi.
Mətbuat Şurasının sədri Əflatun Amaşov QHT-media əlaqələrinin hazırkı vəziyyətindən, mövcud problemlərdən və mətbuatın üzərinə düşən vəzifələrdən danışdı.
Tədbirdə MQF-nin informasiya təminatı departamentinin rəhbəri Səbuhi Abbasovun “Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin və medianın rolu” mövzusunda məruzəsi dinlənildi.
Xatırladaq ki, MQF tərəfindən ictimai müzakirələr Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilir.