REGİONLAR
QUŞÇULUQ MƏHSULLARININ SATIŞ-YARMARKALARI BAHALAŞMANIN QARŞISINI ALIR
AZƏRTAC xəbər verir ki, iyulun 13-də Bakı şəhərinin “Təzə bazar”, 3-cü mikrorayon, Sabunçu və Badamdar bazarlarında quşçuluq məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir.
Yarmarkalarda alıcılara keyfiyyətli, bazar qiymətlərindən ucuz toyuq əti və yumurta təklif olunmuşdur. “Təzə bazar” MMC-nin ərazisindəki yarmarkada Hacıqabul, İmişli, Goradil, Hövsan, Giləzi və digər quşçuluq fabriklərindən gətirilmiş məhsullar satılmışdır.
Giləzi quşçuluq şirkətinin işçisi Sabir Qarayev dedi ki, bu gün satışa 180 min ədəd yumurta gətirmişik. Növlərinə və həcminə görə yumurtanın birini 8, 9 və10 qəpiyə veririk. Hacıqabul quşçuluq fabrikindən İlqar Nağdəliyev satışa çıxardığı 6 min ədəd yumurtanın birini 10 qəpiyə, Goradil fabrikindən Rahib və Elvin İgidovlar 5400 ədəd yumurtanın birini 9 qəpiyə, Hövsan broyler fabrikindən Səfər Rəşidov, Natiq Məlikov toyuq ətinin kiloqramını 2 manat 40 qəpiyə, içalatı 2 manat 20 qəpiyə, İmişli və Mərdəkan broyler fabriklərindən gətirilmiş toyuq əti müvafiq olaraq 2 manat 20, 2 manat 40 qəpiyə, içalat 2 manata satılırdı.
Yarmarkaya gəlmiş alıcılar - evdar qadınlar Nəsibə Daşdəmirova, Sabirə Babayeva, “Elit” kafesinin işçisi Yaqub Çalışqan və başqaları burada yaradılmış şəraitdən razı qaldıqlarını və qiymətlərin bazardakından ucuz olduğunu bildirdilər.
İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, bu gün şəhərin yarmarkalarında satışa 20 tona yaxın toyuq əti və 500 min ədəd yumurta çıxarılmışdır.