CƏMİYYƏT


Qaçırdığı avtomobillə qəza törədən şəxs “isti izlər”lə saxlanılıb

Bakı, 4 iyul, AZƏRTAC

İyunun 3-də gecə saat 1 radələrində Nərimanov Rayon Polis İdarəsinə paytaxt sakini Vahid Əhmədovun avtomobillə vurularaq xəsarət alması barədə yerləşdirildiyi xəstəxanadan məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal araşdırmalara başlayan əməliyyat qrupu xəstəxanaya yollanıb. Yaralının vəziyyəti ağır olduğundan ondan heç bir məlumat almaq mümkün olmayıb.

“Təhlükəsiz Şəhər” xidmətinin texniki imkanlarından istifadə edən polis əməkdaşları yol-nəqliyyat hadisəsinin F.Xoyski küçəsində “VAZ-2106” markalı avtomobillə törədilməsini müəyyənləşdiriblər. Nərimanov Rayon Polis İdarəsinin cinayət-axtarışı şöbəsinin və 18-ci polis bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin sahibi - Bakı sakini Seymur Nəcəfov qısa vaxtda müəyyənləşdirilərək polis idarəsinə dəvət edilib. O, ifadəsində sahibi olduğu maşını bir qədər əvvəl yumaq üçün avtoyuma məntəqəsində işləyən Valeh adlı şəxsə etibar etdiyini bildirib.

Görülmüş tədbirlərlə həmin şəxsin ünvanı dəqiqləşdirilib və o, saxlanılaraq şübhəli şəxs qismində polis idarəsinə gətirilib. Onun Bakı sakini Valeh Rəhmanov olması müəyyənləşdirilib. Aparılan tədbirlərlə həmin avtomobili idarə etdiyi zaman yol-nəqliyyat hadisəsini törətməsi və hadisə yerindən uzaqlaşması, maşını isə Nəsimi rayonunda sahibsiz vəziyyətdə ataraq qaçdığı aşkarlanıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.