CƏMİYYƏT


Qadın məsləhətxanasına müraciət edənlərin 41-42 faizi risk qrupuna daxil olan hamilələrdir

Bakı, 8 avqust, AZƏRTAC

İl ərzində qadın məsləhətxanasına müraciət edənlərin 41-42 faizi risk qrupuna daxil olan hamilələrdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakının Binəqədi rayonundakı 9 nömrəli qadın məsləhətxanasının baş həkimi Tərifə İsgəndərova jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, məsləhətxanaya müraciət edənlər arasında qan azlığı (anemiya) olanlar əsas üstünlük təşkil edir. Riskli hamilələrdə ürək-damar sistemi qüsurları, böyrək patologiyaları, şəkərli diabet, varikoz genəlmələr və digər xəstəliklər də müşahidə olunur. Qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirən analar növbəti hamiləlik zamanı risk qrupuna daxil edilir və planlı şəkildə təkrar qeysəriyyə əməliyyatına getməlidir. Həmin analara daha ciddi ambulator və stasionar xidməti göstərilir. Hamiləliyin ilk 5–11 həftəsi ərzində qadın məsləhətxanasına müraciət etmək və tam müayinələrdən keçməklə aşkarlanan patoloji halların qarşısını vaxtında almaq, dünyaya sağlam körpə gətirmək mümkündür. Ananın müayinələrdən yayınması, müalicələrdən imtina etməsi və məsləhətxanaya üz tutmaması qənaətbəxş deyil.

Baş həkim əlavə edib ki, hamilə qadınlar çox vaxt mama-ginekoloqa müraciət etdiyi üçün qadın məsləhətxanasına gəlməyi vacib bilmirlər. O, bunun yanlış olduğunu söyləyərək qeyd edib ki, 39–cu həftəyə kimi mütləq məsləhətxana həkimləri ilə əlaqə saxlamaq lazımdır. Fizioloji halda hamiləlik dövründə yeddi dəfə qadın məsləhətxanasına üz tutması normal haldır. Hamilə qadın hansısa risk faktoru daşıyırsa, bundan da artıq müraciət edə bilər. Hamilələrdən bəziləri qadın məsləhətxanasına son aylarda analıq məzuniyyəti ilə əlaqədar lazımi sənədlərin alınması üçün formal yanaşır. Burada da əsas yanaşma ikili xidmət-ikili həkimlə əlaqədardır. Hamilə qadın ilk aylardan qadın məsləhətxanasına deyil, başqa həkimə müraciət edirsə, onun verdiyi məsləhətləri üstün tutursa, bunun nəticələri də qənaətbəxş olmur.

Yeri gəlmişkən qeyd edək ki, Binəqədi rayonundakı 9 nömrəli qadın məsləhətxanası rayonun 127,4 min qadın əhalisinə, qaçqın və məcburi köçkün qadınlardan ibarət 10 min nəfərə tibbi xidmət göstərir. Bu ilin 7 ayı ərzində 1765 hamilə nəzarətə götürülüb, onlardan risk qrupuna daxil olan 547 qadın üzərində ciddi ambulator və stasionar nəzarəti həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.