CƏMİYYƏT
Qadınların çox sevdiyi spatifillum
Bakı, 22 iyun, AZƏRTAC
Spatifillum həmişəyaşıl çoxillik bitkidir, tropik Amerika florasına aiddir. Yabanı halda kiçik çay və çay kənarlarında, bataqlıq və rütubətli yerlərdə bitir. Nəmli və isti yerlərdə bitdiyinə görə onu otaq şəraitində becərəndə oxşar şərait yaradılmalıdır. Aroid fəsiləsinin digər növləri kimi, spatifillum da otaq bitkisi kimi məşhurdur. Örtülü formada olduğuna görə çiçəkləri yarpağı xatırladır. Bitkinin adı latın dilində də həmin mənanı verir: "spata" örtülü, "filum" isə yarpaq deməkdir.
Onun bir xüsusiyyəti də budaqsız olmasıdır, yarpaq və çiçək saplağı birbaşa kökdən çıxır. Spatifillum dibçəkdə ağ, bir az da cüzi yaşıl rəngə çalan çiçəkləri olan hazır gül buketidir.
Spatifillumun evə xoşbəxtlik və sevgi gətirdiyini, qadınlara hədiyyə verəndə isə onların özünü çox xoşbəxt hiss etdiyini deyirlər. Elə bu xüsusiyyətlərinə görə bəzən onu "toy çiçəyi" də adlandırır və hesab edirlər ki, qadın xoşbəxtliyi üçün çiçək vacib əlamətdir. Çiçəkləmə dövründə bitkinin gücü daha da artır. "Xoşbəxtlik" enerjisi verən spatifillumun hədiyyə verilməsi də çox yaxşı əlamət sayılır.
Yüksək rütubəti sevdiyinə görə onun becərildiyi otaqda mamır və akvariumun olması bitkinin inkişafına yaxşı təsir edir. Quru mühiti sevmir, yarımkölgəlidə, hətta kölgəlikdə özünü çox yaxşı hiss edir. Ofis və otaq şəraitində becərilən spafillumu gündə iki dəfə püskürtmə ilə suvarmaq lazımdır.