CƏMİYYƏT


Qafqaz Müsəlmanları İdarəsinin sədri Çeçenistanda səfərdə olub

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 5-də Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində səfərdə olub. Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Səfər Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəsmi andiçmə mərasiminə dəvət əsasında həyata keçirilib. Qafqaz müsəlmanlarının dini lideri kimi inauqurasiya mərasimində çıxış edən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının və Prezident İlham Əliyevin təbriklərini, xoş arzularını çeçen xalqına və onun böyük səs çoxluğu ilə seçilmiş başçısına çatdırıb. Ramzan Kadırovun Çeçenistan başçısı kimi fəaliyyət göstərdiyi illərdə respublikanın həm sosial-iqtisadi, həm də mənəvi sahələrdə dirçəliş yaşadığını, Şimali Qafqazın dini-mənəvi mərkəzi kimi formalaşdığını deyən Allahşükür Paşazadə Ramzan Kadırovun budəfəki seçkilərdə də inamlı qələbəsini məhz xalqın və Federal Hökumətin inamını doğrultmuş məsuliyyətli rəhbərin fəaliyyətinə verilən yüksək qiymət, layiqli qələbə kimi səciyyələndirib.

Yenidən Çeçenistanın rəhbəri seçilmiş R.Kadırovu Qafqaz müsəlmanları, o cümlədən Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edən şeyxülislam Allahşükür Paşazadə onu özünün qardaşı hesab etdiyi sabiq Prezident Əhməd Kadırovun siyasi və mənəvi yolunun layiqli davamçısı kimi görməkdən məmnun olduğunu, uğurlarına hər zaman sevindiyini diqqətə çatdırıb.

x x x

Şeyxülislam Allahşükür Paşazadə Qroznıda Şimali Qafqaz Müftilərini Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev və digər müftilərlə görüşüb. 

Görüşdə müfti İ.Berdiyev şeyxülislamı sentyabrın 26-da ölkəmizdə uğurla keçirilən referendum münasibətilə təbrik edib, bunu Azərbaycandakı davamlı inkişaf və sabitliyin yüksək səviyyəsinin bariz nümunəsi kimi dəyərləndirib. O, referendumun nəticələrinin Azərbaycan xalqının rifah və səadətinə xidmət edəcəyinə əminliyini ifadə edib. Müfti, həmçinin Azərbaycanda mövcud olan yüksək səviyyəli dövlət-din münasibətlərini qeyd edib.

Şimali Qafqaz Müftilərini Əlaqələndirmə Şurasının sədri Qafqazın dini-mənəvi həyatına dair bütün məsələlərin həllində şeyxülislam Allahşükür Paşazadənin müdrik ağsaqqal mövqeyinə hər zaman ehtiyac olduğunu vurğulayıb.

Şeyxülislam A.Paşazadə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Qafqaz müftilərinə çatdırıb.

Görüşdə ümumqafqaz əhəmiyyətli dini-mənəvi məsələlərin müzakirəsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.