ELM VƏ TƏHSİL
Qafqaz Universiteti ləğv olunub
Bakı, 18 yanvar, AZƏRTAC
Qafqaz Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb, bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə kömək göstərilməsini xahiş edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qeyd olunanları nəzərə alaraq, nazirlik tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə işçi qrupunun yaradılması barədə qərar qəbul edib.
İşçi qrupuna universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb.
Tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaq. Universitetin hazırkı tələbə kontingentinin bilik və akademik nailiyyətlərinin bundan sonra yüksələn istiqamətdə davam etməsi üçün bütün imkanlardan istifadə olunacaq.
Tədris prosesinin bütövlüyünün qorunması məqsədilə universitet rəhbərliyinin Təhsil Nazirliyinə etdiyi müraciət imkanlar çərçivəsində nəzərə alınacaq.
Tələbələrdən universitetdə fəaliyyət göstərən işçi qrupu ilə əlaqə saxlamaları xahiş edilir.