REGİONLAR


Qafqaz Universitetinin tələbələri IV İslam Həmrəylik Oyunlarının könüllülük proqramına qoşulacaqlar

A+ A

Xırdalan, 11 noyabr, AZƏRTAC

“Bakı 2017” IV İslam Həmrəylik Oyunları nəzdində könüllülük proqramına qeydiyyata start verilib. Bu məqsədlə İslam Həmrəylik Oyunlarının təşkilat komitəsinin nümayəndələri noyabrın 11-də Qafqaz Universitetində tələbələrlə görüş keçirib. Görüşün məqsədi tələbələrə könüllü olmağın mahiyyətini, qazandırdıqlarını və könüllü olmaq üçün hara müraciət etmək lazım gəldiyini diqqətə çatdırmaq olub.

AZƏRTAC xəbər verir ki, universitetin humanitar və sosial məsələlər üzrə prorektoru Azər İmanquliyev İslam Həmrəylik Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən danışıb. Bildirilib ki, həmişə olduğu kimi, bu dəfə də Qafqaz Universitetinin tələbələri könüllü olaraq bu mötəbər yarışların keçirilməsində yüksək səviyyədə iştirak edəcəklər. Universitetin tələbələri ingilis dilində təhsil aldıqları üçün beynəlxalq tədbirlərə könüllü kimi qatılmaları həm də onların praktik danışıq qabiliyyətlərini yüksəldir.

Qeyd edilib ki, son illər Azərbaycanda müxtəlif sahələr üzrə yüzlərlə beynəlxalq tədbir keçirilib. Bu böyük tədbirlərin, xüsusən də “Bakı 2015” Avropa Oyunları, “Formula-1” Avropa Qran Prisi, Şahmat Olimpiadası və digər irimiqyaslı yarışların Bakıda keçirilməsi beynəlxalq idman ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edir və ölkənin nüfuzunun artmasına şərait yaradır.

Sonra insan resursları üzrə direktor Kler Kamara, könüllülərlə kommunikasiya meneceri Təranə Həsənova, könüllülərlə kommunikasiya mütəxəssisi Aytən Hasilova, könüllülərlə iş üzrə mütəxəssis Azər Əsədov çıxış edərək bildiriblər ki, İslam ənənələrini özündə əks etdirən, müasir və fəal cəmiyyətin yaşadığı Bakıda dünya miqyaslı belə bir idman tədbirinin təşkili və uğurla həyata keçirilməsi üçün səkkiz min fəal könüllünün iştirakına ehtiyac var. Son illər Azərbaycanda reallaşdırılan irimiqyaslı idman tədbirlərindən olan İslam Həmrəylik Oyunlarında könüllü fəaliyyətinə qoşulmaq istəyənlər rəsmi internet səhifəsində (http://baku2017.com/volunteers) qeydiyyatdan keçməli, müsahibədə və təlimlərdə iştirak etməlidirlər.

“Bakı 2017” İslam Oyunları Əməliyyat Komitəsi beynəlxalq tədbirin bir parçası olmaq istəyən və aşağıdakı keyfiyyətlərə cavab verən könüllüləri bu layihəyə qoşulmağa dəvət edir: fəal və həvəsli; məsuliyyətli; yardımsevər və xeyirxah; mehriban və gülərüz; ünsiyyət qurmağı bacaran; komandada işləməyi bilən.

Sonda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, IV İslam Həmrəylik Oyunları 2017-ci ilin mayın 12-dən 22-dək iyirmi idman növü üzrə Bakıda təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.