REGİONLAR
Qanunsuz hərəkətlərin qarşısının alınması ilə bağlı Şirvanda seminar-müşavirə keçirilib
Şirvan, 10 noyabr, Mahir Babayev, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şirvanda “Dövlət qulluğunda törədilməmiş cinayətin və qanunsuz hərəkətlərin qarşısının alınması sahəsində antikorrupsiya, şəffaflıq və etik davranış prinsiplərinin rolu” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə 14 ətraf rayonun gənclər və idman idarələrinin əməkdaşları iştirak edib.
Seminar-müşavirənin keçirilməsində əsas məqsəd açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında dövlətimizin başçısının imzaladığı Sərəncamın icra vəziyyəti ilə tanışlıq olub.
Müşavirədə Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Namiq Abdullayev və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Rəşad İsgəndərov çıxış edərək ölkəmizin antikorrupsiya siyasətinin əsas strateji xətti, korrupsiya və hüquqpozmalara şərait yaradan halların aradan qaldırılması, bu sahədə şəffaflığın təmin olunması və digər preventiv tədbirlərin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə məlumat veriblər.
Seminarda, həmçinin dövlət qulluqçularının xidməti fəaliyyətinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə və korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının pozulmasının qarşısının alınması ilə bağlı idarə rəhbərlərinə tapşırıq və tövsiyələr verilib.
Tədbirin sonunda dövlət qulluqçularının etik davranış qaydalarına dair videoçarxın təqdimatı olub.