CƏMİYYƏT
Qanunsuz işdən azad olunan 20 nəfər əvvəlki işlərinə bərpa edilib
Bakı, 11 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində işəgötürənlər tərəfindən 769 min 774 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, həmin vəsaitin 95 faizi gecikdirilmiş əmək haqlarından, 3 faizi işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi ilə yanaşı, ölkəmizin əmək qanunvericiliyində əksini tapan müvafiq hüquq normaları ilə bağlı işəgötürənlərə izahat və məlumatlar verilib.
Cari ilin birinci yarımili ərzində işdən qeyri-qanuni azad edilmələri ilə bağlı vətəndaşların müraciətləri də araşdırılıb. Qeyri-qanuni şəkildə işdən azad olunan 20 nəfər yenidən əvvəlki işlərinə bərpa edilib.