CƏMİYYƏT
Qaradağ rayonunda Böyük Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib
Bakı, 5 may, AZƏRTAC
Faşizm üzərində Qələbənin 70-ci ildönümü münasibətilə mayın 5-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Böyük Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov görüşdə çıxış edərək deyib ki, bu gün hər bir vətəndaş, xüsusilə Azərbaycan gənci öz tarixini bilməli, həmin dövrdə babalarının əldə etdikləri Qələbənin qiymətini dərk etməlidir. O qeyd edib ki, müharibədə qazanılan qələbədə Azərbaycanın böyük payı var. 700 minə yaxın azərbaycanlı bu müharibədə iştirak edib, onların təxminən yarısı həlak olub.
Ümummilli lider Heydər Əliyevin Qələbə bayramına xüsusi önəm verdiyini qeyd edən S.Mikayılov bu ənənənin bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisi olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Ağalar Vəliyev Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasından, Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasından danışıb. A.Vəliyev, həmçinin veteranların döyüşlərdə və arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrini diqqətə çatdırıb.
Digər çıxış edənlər bu cür tədbirlərin gənclərdə vətənpərvərlik hissləri aşıladığını, onlara Vətəni qorumağın nə qədər müqəddəs bir iş olduğunu təbliğ etdiyini söyləyib. Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində bu gün Azərbaycan Qafqazın ən güclü ordusuna sahibdir. Bu da işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminlik yaradır.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən veteranlara maddi və ərzaq yardımı verilib. Səhhəti ilə əlaqədar iştirak edə bilməyən veteranların evlərinə baş çəkilib.