REGİONLAR
Qax rayonunun taxılçıları hektardan 31,2 sentner məhsul götürüblər
Qax, 21 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Bu il rayonun tarixində rekord miqdarda - 43,2 min ton taxıl istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 6,8 min ton artıb. Hər hektardan orta məhsuldarlıq ötən ilə nisbətən 3 sentner artaraq 31,2 sentner təşkil edib.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Məlumatda, həmçinin bildirilir ki, cari mövsümdə rayonda 13 min 868 hektar payızlıq taxıl sahəsinin, o cümlədən 10 min 795 hektar buğda və 3 min 73 hektar arpa sahəsinin məhsulu biçilib. Buğda sahələrində orta məhsuldarlıq 31,7 sentner, arpa sahələrində isə 29,4 sentner olub.
Xatırladaq ki, ötən il rayonda 36,4 min ton taxıl istehsal edilmişdi.