REGİONLAR


Qəbələdə atıcılıq üzrə Dünya Kuboku yarışlarında daha üç dəst medalın sahibləri müəyyənləşib

Qəbələ, 11 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlar davam edir.

AZƏRTAC xəbər verir ki, iyunun 11-də Qəbələ Stend və Ox Atıcılığı Kompleksində atıcılığın daha üç növü üzrə yarışlar keçirilib və qaliblər məlum olub. Oğlanlar arasında yerə uzanaraq kiçik çaplı tüfəngdən 50 metr məsafədən hədəfə atəşaçma yarışında Danimarka atıcısı Torben Qrimmel qızıl, Bolqarıstan idmançısı Yuri Şerbatevic gümüş, Belarus təmsilçisi Lionel Coks bürünc medal qazanıblar.

Tapançadan 10 metr məsafəyə atəşaçma yarışında qadınlardan Avstriya idmançısı Silviya Steyner birinci, Rusiya atıcısı Vitalina Batsaraşkina ikinci, Meksika təmsilçisi Alexandra Vazquez Zavala üçüncü olublar. Kişilərdən isə Çin idmançısı Vei Yanq birinci, Yaponiya atıcısı Tomoyuki Matsuda ikinci və ukraynalı Oleq Omelçuk üçüncü yeri tutublar.

Qaliblərə mükafatları Beynəlxalq İdman Atıcılıq Federasiyasının nümayəndələri və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim edib.

İyunun 12-də kişilər və qadınlar arasında 50 metr məsafəyə tüfəngdən üç mövqedə atəşaçma yarışları keçiriləcək.

Qeyd edək ki, yarışlara 30 idmançı ilə qatılan Çin komandası 6 medalla 45 ölkə arasında birinci yerdədir. Serbiya və Ukrayna komandaları isə II-III yerləri bölüşürlər.

İyunun 14-dək davam edəcək mötəbər yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparırlar. Artıq 8 dəst medalın sahibləri müəyyənləşib. İdmançılar tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdirirlər. Azərbaycanı bu mötəbər yarışda 10 idmançı təmsil edir.

Dünya Kuboku yarışlarının Qəbələ mərhələsinin qalibləri bu ilin oktyabrında Hindistanda keçiriləcək final yarışında iştirak edəcəklər. Artıq indiyədək Milutin Stefanoviç (Serbiya), Xinyi Penq, Yuemesi Lin, Vei Yanq (Çin), Oleq Omelçuk (Ukrayna), Kristian Reits (Almaniya), Torben Qrimmel (Danimarka) və Silviya Steyner (Avstriya) qızıl medal qazanaraq Dünya Kuboku yarışlarının final mərhələsinə vəsiqə qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.