REGİONLAR
“Qəbələnd” Əyləncə Mərkəzi 5 mindən çox uşağa bayram sevinci bəxş edib
Qəbələ, 1 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
“Gilan Holdinq”in təşəbbüsü və “Qəbələnd” Əyləncə Mərkəzinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Qəbələdən və ətraf rayonlardan olan uşaqlar gün ərzində əyləncə mərkəzindən, oradakı oyun aparatlarından və attraksionlardan ödənişsiz istifadə ediblər. Uşaqlarla yanaşı, onların valideynlərinin də xidmətlərdən faydalanmasına şərait yaradılıb.
Xeyriyyə aksiyası zamanı 5 mindən çox uşağa bayram sevinci bəxş edilib. Əyləncə mərkəzinin rəhbərliyi valideyn himayəsindən məhrum və əlil uşaqların, aztəminatlı ailələrin övladlarının parka gəlməsi üçün xüsusi avtomobil ayırıb. Uşaqlar parkda cizgi filmi və nağıl qəhrəmanlarının geyimində olan klounlarla şəkil çəkdirib, yaşıdlarının ifasında konsert proqramına tamaşa ediblər.
Qeyd edək ki, “Qəbələnd” Əyləncə Mərkəzi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ənənəvi olaraq hər il xeyriyyə aksiyası keçirir.