MƏDƏNİYYƏT


Qəlb və düşüncənin yaradıcılığı və ya yeni əsr, yeni söz

Bakı, 20 iyul, AZƏRTAC

MDB-nin “Sozvuçiye” beynəlxalq ədəbiyyat portalında müasir Azərbaycan şairlərinin şeirlərindən seçmələr yerləşdirilib. Onları MDB oxucularına yazıçı-tərcüməçi Kamran Nəzirli təqdim edib.

“Ön söz”də deyilir: “Xalqımızın poetik ruhu təkcə müxtəlif kitablarda, məclislərdə, klublarda, evlərdə, sosial şəbəkələrdə deyil, həm də ayrı-ayrı istedadların qəlbində və təfəkküründə qorunub saxlanılır. Yeni səslər, yeni söz, yeni təfəkkür, yeni üslub... Məgər bu, novatorluq deyil? Budur müasir şairlərimizi fərqləndirən cəhətlər. Onlar çoxdur – onlarcadır: Xanım İsmayılqızı, İlham Qəhrəman, Kəmalə Abiyeva, Akif Əhmədgil, Qulu Ağsəs, Rəfail Tağızadə, Balayar Sadiq, Afaq Şıxlı, Günel Eyvazlı, Nərmin Kamal, Faiq Balabəyli, Nilufər Rüstəmova-Şıxlinskaya, Könül Arif...

Əlbəttə, ictimai həyat, tarix və zamanla poeziyanın inkişafı arasında harmoniyanı da yaddan çıxarmaq olmaz. Bu gün poeziya həmvətənlərim üçün şəbəkə əyləncəsi deyil, bir çağırışdır. Poeziya ölmür, poeziya davam edir. Xalq yaşadıqca poeziya da yaşayır və yaşayacaq”.

Həmyerlilərimizi təqdim edən K.Nəzirli qeyd edir ki, poeziyada ədəbiyyatın gələcək inkişafına kömək edən istənilən yenilik, hər şeydən əvvəl, qəlb və düşüncənin yaradıcılığıdır - burada ümumi qanunlar yoxdur. Forma və məzmun yeniliyi, real və irreallıq, qafiyəsiz şeir ölkəmizin yeni nəsil şairlərinin əsas yaradıcılıq xüsusiyyətlərindəndir. Gənc şairlərin əksəriyyəti qafiyəsiz şeirə üstünlük verir. Qafiyə şeir üçün məcburi şərt deyil. Bütövlükdə bu gün yeni Azərbaycan poeziyası inkişaf edir. O, təkcə ideya deyil, forma və ifadə vasitələri, üslub və sənətkarlıq xüsusiyyətləri baxımından da təkmilləşir.

MDB oxucularına poeziya sənətimizin bir neçə istedadlı nümayəndəsini təqdim edən K.Nəzirli onların daha bir xarakterik cəhətini qeyd edir: onlar müxtəlif nəsillərdən olsalar da, yaradıcılıqları müasir insanın təzadlı psixoloji aləmini əks etdirir, onların əsərlərində insan bədii-estetik tədqiqat obyektinə çevrilir. Razılaşaq ki, yaxşı yazmaq eyni zamanda yaxşı düşünmək, düzgün və dərindən hiss etmək, dürüst ifadə etmək deməkdir; həm qəlbin, həm istedadın, həm də zövqün olmalıdır.

“Ön söz”də daha sonra deyilir: “Bəlkə elə ədəbiyyatda uğur qazanmağın şansını istedad və qəlb, həm də bədii zövq yaradır? Hər halda, düşünürəm ki, istedad, bədii zövq, ağıl, təfəkkür və üslub üçün vacib olan mədəniyyətdir. Həmvətənlərimi dünya ədəbiyyatı səviyyəsinə yüksəldən başlıca amil budur”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.