İDMAN
Qadın güləşçilərimiz “Qızıl Qran-pri” turnirində bir gümüş medal qazanıblar [YENİLƏNİB]
Bakı, 28 noyabr, S.Allahverdiyeva, AZƏRTAC
Qadın güləşi üzrə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.
Güləşçilərimiz yarışı bir gümüş medalla tamamlayıblar. Azərbaycan təmsilçisi Nataliya Sinişin (55 kq) finaladək inamla mübarizə aparsa da, həlledici görüşdə Çin təmsilçisinə uduzaraq gümüş medalla kifayətlənməli olub.
Yığma komandamızın üzvlərindən Şəfəq Muradzadə (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Elmira Qəmbərova (63 kq) və Səbirə Əliyeva (75 kq) bürünc medal uğrunda görüşlərdə məğlub olaraq turniri medalsız başa vurublar.
Yarışın ilk günündə sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanmışdılar.
11:37
Bakı İdman Sarayında keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin ikinci günündə - noyabrın 28-də 48, 53, 55, 58, 60, 63, 69 və 75 kiloqram çəki dərəcələrində qadın idmançılar arasında qaliblər müəyyənləşəcək.
AZƏRTAC xəbər verir ki, bu çəki dərəcələrində Azərbaycanın idman şərəfini 13 güləşçi qoruyur. Şəfəq Muradzadə (48 kq), Anjela Doroqan, Solmaz Həşimzadə (hər ikisi 53 kq), Nataliya Sinişin, Alyona Kolesnik, Almaz İsmayılova (hamısı 55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə, Elmira Qəmbərova (hər ikisi 63 kq), Elis Manolova, Gözəl Zutova (hər ikisi 69 kq) və Səbirə Əliyeva (75 kq) turnirdə qüvvələrini sınayırlar.
Yarışın ilk günündə sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar.