CƏMİYYƏT
Qlobal istiləşmədən ən çox uşaqlar əziyyət çəkirlər
Bakı, 26 noyabr, AZƏRTAC
Yarım milyard uşaq daim daşqınlara məruz qalmış rayonlarda yaşayır. Daha 160 milyon uşaq isə quraqlıq rayonlarda böyüyür.
AZƏRTAC ecoportal.ru saytına istinadla xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) təqdim etdiyi yeni hesabatda bildirilir.
"Bugünkü uşaqlar iqlim dəyişməsində hamıdan az günahkardır, amma onlar bu dəyişikliklərin fəsadlarından daha çox əziyyət çəkirlər”, - deyə UNICEF-in icraçı direktoru Entoni Leyk bildirib.
UNICEF-in məlumatına görə, iqlim dəyişikliyi daşqınlar, quraqlıq və digər fəlakətlər doğurur. Bu təbii fəlakətlər iqtisadi itkilər və xəsarət alan insanların ölümü ilə nəticələnir. Qlobal istiləşmənin nəticələrindən ən çox uşaqlar əziyyət çəkirlər. Daşqın və quraqlıq, ərzaq çatışmazlığı uşaqlar arasında yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxarır.
UNICEF-in icraçı direktoru Parisdə iqlim üzrə keçiriləcək konfransda dünya liderlərini planetin və uşaqların gələcəyi naminə saziş bağlamağa çağırıb. Qeyd edib ki, bu, istixana qazlarının emissiyasının azaldılmasına nail olmağa imkan verəcək.
Paris konfransı noyabrın 30-da işə başlayacaq və dekabrın 11-dək davam edəcək.