CƏMİYYƏT
Qocalar evində paxlava ətri
Bakı, 18 mart, AZƏRTAC
Bilgəhdəki Müharibə və Əmək Əlilləri üçün Pansionatda (Qocalar Evi) hazırda 245 nəfər yaşayır. Pansionata övladı, yaşamağa evi, ailəsi olmayan 63 yaşından yuxarı qocalar qəbul edilir.
Bu barədə pansionatın direktoru Qətibə Əsədova AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib. O qeyd edib ki, övladlar bütün ömrü boyu onları dünyaya gətirən ata-anaya qayğı, hörmət və ehtiram göstərməlidir. Bu, hər kəsin müqəddəs borcudur. Təəssüf ki, həmişə belə olmur. Pansionata öz övladları tərəfindən gətirilən çoxlu qocalar var. Yaxşı ki, belə məqamlarda onlara dövlət sahib çıxır.
Q.Əsədova məlumat verərək deyib ki, pansionatın hazırda yerləşdiyi bina 2013-cü ildə inşa edilib. Burada yaşayan qocaların hər birinin ayrıca otağı var və onlar gündə üç dəfə yeməklə təmin olunurlar. Hətta onlardan bəzilərinə öz istədiyi xörəyi bişirmək üçün də şərait yaradılıb. Ahıllar burada yaşamaqla yanaşı yaradıcılıq işləri ilə də məşğul olurlar. Sakinlər arasında professor, dosent, müəllim və həkimlər də var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri vaxtaşırı olaraq pansionata baş çəkir, qocalarla söhbət edir və onların problemləri ilə maraqlanırlar. Pansionatda çalışan tibb işçiləri lazım gələndə qocalara ilkin tibbi yardım göstərir, ağrılarına məlhəm qoyurlar.
Pansionatın rəhbəri onu da deyib ki, bəzən qocalar dünyasını dəyişəndə də onlara sahib çıxmayan övladlarla üzləşirik. Qocalar əbədiyyətə qovuşanda onların dəfni ilə əlaqədar bütün məsələləri həll edir və “Kimsəsizlər qəbiristanlığı”nda torpağa tapşırırıq.
2013-cü ilin dekabrında Müharibə və Əmək Əlilləri üçün Pansionatına rəhbər təyin edilən Q.Əsədova söhbət zamanı xatırlayıb: “Bu yaxınlarda pansionata səliqəli geyinmiş bir kişi gəlib həyat yoldaşını gətirmək istədiyini söylədi. Səbəbini soruşanda məlum oldu ki, qadının əsəbləri pozulub, əlinə keçəni götürüb atır, evi dağıdıb tökür. Vəziyyəti anlayışla qarşılayıb razılaşdıq. İndi həmin qadın bizim pansionatda yaşayır. Yoldaşı da vaxtaşırı gəlib ona baş çəkir”.
...69 yaşlı Həbib Qənbərov 11 ildir ki, burada yaşayır. Ailəlidir, övladları olsa da, sakit yaşamaq üçün burada qalmağa üstünlük verib. Dediyinə görə, övladları ilə bir yerdə yaşamaq üçün şəraiti yoxdur. Həm də sakitliyi sevir və burada ona daha rahatdır.
Tanınmış rəssam Davud Əliyevin 72 yaşı var, 12 ildir ki, pansionatda yaşayır. Valideynləri gənc yaşlarından rəsm həvəskarı olan Davudu təhsil almaq üçün Riqa şəhərinə göndəriblər. Ali təhsil alandan sonra Moskvada rəssamlıq edib. Bir neçə il sonra valideynlərini itirib, həyatını peşəsinə qurban verib. Tək yaşadığından pansionata üz tutub və burada ona yiyə çıxıblar. “Kiməsə möhtac olmaqdansa dövlət himayəsində yaşamaq daha rahatdır”,- deyə qoca rəssam əlavə edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva pansionata baş çəkərkən onun yaratdığı rəsm əsərlərini də seyr edib.
Pansionatda ər-arvad yaşayanlar arasında 72 yaşlı Mirtalıb və Bikəxanım Talıbovalar da var. Onların övladlarından biri İsveçrədə, digəri Bakıda yaşayır. M.Talıbovun dediyinə görə, gəlini doğma qızı qədər mehriban və qayğıkeşdir. Lakin onlar heç kimə yük olmaq istəməyib buradakı həyatı üstün tuturlar. “Uşaqlar tez-tez bizə baş çəkir, xaricdə olanlarla müasir rabitə vasitələri ilə əlaqə saxlayırıq”,- deyə Bikəxanım Talıbova əlavə edib. “Pansionatda ikiotaqlı yaşayış yerimiz, hər cür şəraitimiz var. Oğlum mənə maşın alıb, istədiyimiz vaxt şəhərə gedirik, çıxırıq. Nəvələri görəndə çox sevinirik”,- deyə onun həyat yoldaşı söhbətə qoşulur.
Yeni sakinlərdən olan 85 yaşlı Sona Rəhimbəyova da öz həyatı barədə danışıb. O, 65 il akademiyada işləyib, çoxlu orden-medala layiq görülüb. Uşaqları evi sataraq xaricə köçüblər, onu da özləri ilə aparmaq istəyiblər, amma... nədənsə alınmayıb. Sona xanım: “Qızım 20 ildir ki, mənimlə maraqlanmır, yada salmır. Evimi satandan sonra bir müddət qonşunun evində məskunlaşdım, aylıq pensiyamı da ona verirdim. Lakin məni çox incidirdi və bir gecə əsəbi halda məni evindən qovdu. Yaxşı ki, Qocalar evi haqqında eşitmişdim və ona görə də bura üz tutdum. Mənə övladım yox, pansionat sahib çıxdı. Hər cür şəraitim var. İlaxır çərşənbə bayramına şəkərbura və paxlava bişirmişəm, İndi də kökə bişirirəm. Bura mənim evim qədər doğmadır”, - söylədi.