CƏMİYYƏT
Quba Günərzi qayğı Mərkəzi fəaliyyətini uğurla davam etdirir
Bakı, 19 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən uşaqlara sosial xidmətlərin göstərilməsi istiqamətində ötən dövr ərzində müxtəlif layihələr icra olunur.
Ailə Sosial Araşdırmalar İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə İctimai Birlik tərəfindən yaradılmış Quba Günərzi qayğı Mərkəzi öz fəaliyyətini uğurla davam etdirməkdədir.
Mərkəzdə 3-12 yaş arası çətin həyat şəraitində olan 30 uşağa gün ərzində müxtəlif sosial xidmətlər göstərilir. Mərkəzdə uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesi təşkil edilir, risk qrupuna aid olan uşaqların ahəngdar inkişafı və tərbiyəsi ilə məşğul olunur, müxtəlif təlimlər həyata keçirilir və onların asudə vaxtlarının səmərəli təşkili üzrə tədbirlər görülür.