CƏMİYYƏT
Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsi 90 santimetrədək artıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 1-i gündüzdən 2-si səhərədək yağan intensiv yağış nəticəsində Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 45-70, Kiçik Qafqazın çaylarında isə 2 santimetr artım qeydə alınıb. Sentyabrın 1-dən 2-nə keçən gecə Qəbələ və İsmayıllı rayonlarının ərazisindən axan Dəmiraparançaydan və Girdimançaydan qısamüddətli sel keçib.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 450-920, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 180-200 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, sentyabrın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 89 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik baş verməyib. Hazırda məntəqədə su sərfi saniyədə 20 kubmetrdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 3 santimetr artıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 384, Salyanda 174, Bankədə 221, Novruzlu məntəqəsində isə 93 santimetrdir.