CƏMİYYƏT
Qubada dini icma üzvləri ilə görüşdə insan haqları və tolerantlıq mövzusu müzakirə olunub
Quba, 30 may, Elxan Yusifli, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Quba rayonunda “İnsan haqları və tolerantlıq” mövzusunda silsilə tədbirlərə start verilib.
AZƏRTAC xəbər verir ki, bu silsilədən olan ilk tədbirlər mayın 30-da Quba şəhərindəki “Cümə” və “Hacı Cəfər” məscidlərində təşkil olunub.
Dini icma üzvlərinin iştirak etdikləri görüşdə DQİDK-nın şimal bölgəsi üzrə şöbə müdiri Eynulla Nurullayev insan hüquqları mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) 18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar olaraq mayın 18-dən iyunun 18-dək insan hüquqları aylığı elan edib. Aylığın məqsədi il ərzində insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri müzakirə etmək və problemlərin həlli yollarını müəyyənləşdirməkdir. Bununla əlaqədar bölgələrdə əhalinin müxtəlif kateqoriyaları ilə görüşlər keçirilir, vətəndaşların insan hüquqları üzrə maarifləndirilməsi işi aparılır.
Tədbirdə qeyd olunub ki, Azərbaycandakı tolerantlıq və multikulturalizm Amerika və Avropanın inkişaf etmiş dövlətlərində təcrübə kimi öyrənilərək tətbiq olunur.
Görüşün yekununda dini icma üzvləri çıxış edərək, mövzu ilə əlaqədar fikirlərini bölüşüblər.