CƏMİYYƏT
Qusarda multikulturalizm və tolerantlıq dəyərlərinin təbliği mövzusunda görüş
Bakı, 20 iyun, AZƏRTAC
Müxtəlif sivilizasiyaların qovuşduğu məkan olan Azərbaycan əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub və bu gün milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər multikultural prinsiplərin ayrı-ayrı milli azlıqlar arasında təbliğini gücləndirmək məqsədilə Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Şahdağ polis bölməsinin xidməti ərazisindəki kəndlərdə sakinlərlə görüşlərdə səsləndirilib.
Rayonun Kuzun, Zindanmuruq, Aladaş, Kənarçay kəndlərində, eləcə də Aladaş massivində yaşayan sakinlərlə görüşdə polis şöbəsinin rəisi, polis polkovniki Zaur Bədəlov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm dəyərləri, respublikamızda mövcud dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, milli-mənəvi dəyərlərin inkişafı və təbliğinin ən yüksək səviyyədə olmasından söz açıb.
Polis polkovniki Z.Bədəlov görüş iştirakçılarına Azərbaycanda milli və dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın misilsiz xidmətləri barədə də məlumat verib.
Z.Bədəlov kənd sakinlərinin şikayət və təkliflərini dinləyib, polisin səlahiyyəti çərçivəsində olan məsələlərin mövcud qanunvericiliyə uyğun həlli üçün tapşırıqlar verib.
Görüşdən sonra Qusar Rayon Polis Şöbəsinin təşəbbüsü, Şahdağ polis bölməsinin yaxından köməyi ilə həmin kəndlərdə yaşayan 19 gəncin rayon ərazisində yerləşən müxtəlif istehsal və ictimai-iaşə obyektlərində öz ixtisaslarına uyğun işlə təmin olunması məsələsi həllini tapıb.