İDMAN
R.Prosineçki: Ramil Şeydayevin və Emin Mahmudovun milli komandada uğur qazanacaqlarına inanıram
Bakı, 17 avqust, AZƏRTAC
Həm Ramil Şeydayevin, həm də Emin Mahmudovun oyunlarını izləmişəm. Hər iki futbolçunun milli komandaya fayda verəcəyini düşünürəm. Onların gələcək karyeraları özlərindən asılıdır. Ümidvaram, ikisi də yeni komandalarında əsas heyətdə oynayaraq yaxşı nəticələr əldə edəcəklər. Onları diqqət mərkəzində saxlayacağıq Ehtiyac yaranarsa köməkçilərim oyunlarını canlı izləyəcək. Milli komandanın avqustun 24-də başlayacaq təlim-məşq toplanışına hər iki futbolçunu dəvət edib məşq prosesini izləyəcəyəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Ramil Şeydayevin və Emin Mahmudovun milli komandamızda çıxış etmək perspektivi barədə “affa.az” saytına açıqlamasında deyib.
Baş məşqçi deyib ki, hər iki futbolçunun milli komandada çıxış etməsi bizim “Avro-2020” ilə bağlı planlarımıza müsbət təsir göstərə bilər. Onların ikisi də gəncdir və milli komandada uzun müddət çıxış edə bilərlər. Hərçənd, işimiz bununla bitməyəcək. Gənc oyunçuların axtarışını davam etdirəcəyik. Unutmayaq ki, bizi 2020-ci ildən əvvəl 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyunları gözləyir. Hələ ki bütün diqqətimizi seçmə mərhələyə yönəltməliyik. İlk oyunumuzu səfərdə San-Marino yığmasına qarşı keçirəcəyik. Qrup mərhələsinə uğurlu start vermək üçün bu oyunda mütləq qələbə qazanmalıyıq. Daha sonra evdə Norveç yığmasını qəbul edəcəyik. Ümid edirəm ki, futbolçularımızdan heç biri zədəli olmayacaq.
Avrokuboklarda çıxış edən “Qarabağ” və “Qəbələ” klublarına play-off mərhələsində keçirəcəkləri oyunlarda uğurlar arzulayan R.Prosineçki hər iki komandanın turnirin qrup mərhələsinə vəsiqə qazanacaqlarına əminliyini bildirib. Qeyd edib ki, bu, Azərbaycan futbolu üçün çox vacibdir.