CƏMİYYƏT
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 29-da Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-50, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi çaylarında 50-100, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 235 m3/s olmaqla ongünlük normanın 58 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 126 m3/s olmaqla ongünlük normanın 31 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 39 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 59 m3/s təşkil edərək ongünlük normanın 36 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 6, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, Bankədə 1 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 326 sm (2014-cü il iyunun 29-da 301 sm), Şirvanda 155 sm (2014-cü il iyunun 29-da 145 sm), Salyanda 70 sm (2014-cü il iyunun 29-da 74 sm), Bankədə 175 sm (2014-cü il iyunun 29-da 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 45 sm (2014-cü il iyunun 29-da 38 sm) təşkil edir.