CƏMİYYƏT
Respublikanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni uğurla davam etdirir
Bakı, 3 may, AZƏRTAC
Respublikanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni uğurla davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olan məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Cəlilabad rayonunun Cəfərli kəndi ərazisində həyata keçirdikləri əməliyyat tədbirləri ilə İran İslam Respublikasının vətəndaşları - əvvəllər məhkum olunmuş Fərhəngi Mərəhməd və Rəhim Fərəci, həmçinin rayon sakini Cabir Kazımov saxlanılıblar. Bu zaman İran vətəndaşları silahlı müqavimət göstərməyə cəhd etsələr də, polis əməkdaşlarının çevikliyi və peşəkarlığı sayəsində zərərsizləşdiriliblər.
Üzərlərinə baxış zamanı onlara məxsus çantadan 5 kiloqram heroin, “Kalaşnikov” markalı avtomat və ona aid 28 patron, içərisində 5 patron olan “Torun” markalı ov tüfəngi, gecəgörmə cihazı və digər xüsusi avadanlıq aşkarlanaraq götürülüb.
İlkin dindirilmə zamanı Fərhəngi Mərəhməd və Rəhim Fərəci narkotik maddələri Cabir Kazımova satmaq niyyəti ilə gətirdiklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.