İDMAN
Rəsul Çunayev təsnifat turnirində qızıl medal qazanıb
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da İstanbulda Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II dünya təsnifat turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Təmsilçimiz Rəsul Çunayev (66 kq) təsnifat turnirinin final görüşündə qırğızıstanlı rəqibi, Asiya çempionu Ruslan Tsarevlə döyüşüb. 6:0 hesabı ilə qələbə qazanan güləşçimiz təsnifat turnirinin qızıl medalına sahib olub.
Xatırladaq ki, yarışa 1/16 final mərhələsindən başlayan Rəsul Çunayev ilk görüşdə xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edib. Pəhləvanımız daha sonra Belarus idmançısı Pavel Liax və polşalı David Kareçinski ilə gərgin keçən qarşılaşmalardan da qalib ayrılıb. Yarımfinalda Fransa təmsilçisi, erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində qələbə qazanan Rəsul Çunayev finala yüksəlib. Bununla da o, Rio Olimpiadasına vəsiqəni də təmin edib. Bu, güləşçilərimizin Rio-de Janeyro Olimpiya Oyunlarına qazandığı 14-cü vəsiqədir.
Yarışda 98 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Şalva Qadabadze isə mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulub.