İDMAN


“Rio-2016” Yay Olimpiya Oyunlarına dəstək kampaniyası” çərçivəsində görüş

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Rio-2016” Yay Olimpiya Oyunlarına dəstək kampaniyası” çərçivəsində görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə paralimpiya çempionu İlham Zəkiyev, “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsinin qalibi, AGAT-ın sülh səfiri Eldar Qasımov iştirak ediblər.

Görüşün əsas hədəfi idmançılarımıza dəstək istiqamətində müxtəlif aksiyalar, silsilə görüşlər və digər mədəni-kütləvi tədbirlər keçirməklə insanların marağını Olimpiya Oyunlarına cəlb etməkdir.

Tədbiri açan AGAT-ın sədri Nərgiz Xələf layihə barədə məlumat verib və “Rio-2016” Yay Olimpiya Oyunlarına dəstəklə bağlı görülən işlərdən danışıb.

İ.Zəkiyev “Rio-2016” Paralimpiya Oyunlarına hazırlıqlar barədə ən son məlumatları gənclərlə bölüşüb.

Eldar Qasımov isə AGAT-ın sülh səfiri olmasından məmnunluğunu bildirib, Azərbaycan bayrağı altında ölkəmizi təmsil edən bütün gəncləri dəstəkləməyin vacibliyini qeyd edib.

Sonra məşhurlar gənclərin suallarını cavablandırıblar.

Sonda AGAT heyəti “Rio-2016” Yay Olimpiya Oyunlarına dəstək kampaniyası” çərçivəsində görüləcək işlərlə bağlı gənc könüllüləri məlumatlandırıb. Kampaniya ilə bağlı AGAT-ın elektron ünvanına daxil olan 335 müraciətdən 110-u seçim turunu keçib. Hazırda “facebook” sosial şəbəkəsində kampaniya ilə bağlı səhifə fəaliyyət göstərir. Səhifədə gündəlik olaraq “Rio-2016” ilə bağlı yeni xəbərlər paylaşılır və kampaniya çərçivəsində həyata keçiriləcək bütün fəaliyyətlər barədə məlumatlar yerləşdirilir. Həmçinin “Rio-2016”da iştirak edən idmançılarla gənc azarkeşlərin canlı ünsiyyətinin təşkil edilməsi, velotur, fləşmob və digər kütləvi əyləncələr vasitəsilə əhalinin müxtəlif qrupları arasında idman əhval-ruhiyyəsinin yaradılması, daha geniş auditoriyanı əhatə etmək üçün layihənin videoçarxının hazırlanması və onun sosial şəbəkələrdə yayılması da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.