CƏMİYYƏT
Riqada keçirilən seminarda Azərbaycanın elektron hökumət sahəsindəki təcrübəsi təqdir olunub
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı və Estoniyanın Elektron Hökumət Akademiyasının təşkilatçılığı ilə Riqada Azərbaycan, Latviya və Estoniyanın elektron hökumət sahəsində qazandığı uğurlara dair iki günlük seminar işə başlayıb. Tədbir Şuranın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan və Estoniya: elektron hökumət sahəsində iki qabaqcıl ölkə" adlı layihə çərçivəsində təşkil olunub. Seminarda hər üç ölkənin elektron hökumət və informasiya texnologiyaları sahələri üzrə ekspertləri, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.
Şura Katibliyinin beynəlxalq əlaqələr departamentinin məsləhətçisi İlqar Dadaşov qurumun fəaliyyəti və xarici ölkə QHT-ləri üçün qrant müsabiqəsi haqqında məlumat verib. O, Şuranın Azərbaycanın son illər ərzində elektron hökumət sahəsində qazandığı uğurların Avropa ictimaiyyətinə təqdim edilməsi və digər ölkələrin təcrübələrinin öyrənilməsi məqsədilə Elektron Hökumət Akademiyasının layihəsini dəstəklədiyini bildirib. Şuranın məsləhətçisi seminarın hər üç ölkənin elektron hökumət sahəsində gələcək inkişafına töhfəsini verəcəyinə inandığını deyib.
Elektron Hökumət Akademiyasının təsisçisi İvar Tallo və Latviya İnformasiya və Kommunikasiya Texnologiyaları Assosiasiyasının nümayəndəsi Mara Yakobsone Estoniya və Latviyada elektron hökumət sahəsində əldə olunan təcrübədən danışıblar. Dəfələrlə ölkəmizdə səfərdə olduğunu qeyd edən İ. Tallo “ASAN xidmət” mərkəzlərinin unikallığı ilə seçildiyini və onların fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin əməkdaşı Nurlan Həmidli BMT-nin 2014-cü ildə apardığı təhlilə əsasən Elektron Hökumətin İnkişafı İndeksinin dünya üzrə orta göstəricisinin 0,47, Azərbaycanda isə 0,54 olduğunu vurğulayıb. Ölkəmizdə informasiya texnologiyaları və elektron hökumət sahəsində bir sıra mühüm sənədlərin qəbul edildiyini bildirən Dövlət Agentliyinin əməkdaşı 2015-2017-ci illəri əhatə edən yeni "Dövlət idarəçiliyində elektron xidmətlərin artırılması və "elektron hökumətin" inkişafı" adlı Dövlət Proqramının əhəmiyyətini xüsusi qeyd edib. Ölkəmizdə 408 elektron xidməti birləşdirən elektron hökumət portalının fəaliyyəti tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Seminarlarda Estoniya İqtisadiyyat və Kommunikasiya qurumunun elektron hökumət sahəsi üzrə məsləhətçisi Mayt Haydelberq və Latviyanın Ətraf Mühit və Regional İnkişaf Nazirliyinin elektron xidmətlər üzrə departamentinin rəhbəri Qatis Ozols təmsil etdikləri dövlət qurumlarının fəaliyyəti barədə məruzə ilə çıxış ediblər.