SİYASƏT
Roman Əliyev: Dünya Azərbaycanlılarının IV Qurultayı diqqəti birlik və həmrəylik məsələlərinə yönəltdi
Riqa, 14 iyul, AZƏRTAC
Dünya Azərbaycanlılarının IV Qurultayı çox konstruktiv, eyni zamanda emosional idi. Bunu AZƏRTAC-a müsahibəsində Riqadakı “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Latviya Prezidenti yanında Milli azlıqlar üzrə Məşvərət Şurasının sədri Roman Əliyev bildirib.
R.Əliyev qeyd edib ki, qurultayın keçirildiyi zalda inanılmaz ruh yüksəkliyi hökm sürürdü. Bütün iştirakçılar maraq və coşğu ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqindəki hər sözə qulaq kəsilirdi. Mərkəzin rəhbəri bildirib ki, diqqəti Prezidentin dünya azərbaycanlılarına ünvanlanan birlik və həmrəylik çağırışına yönəltmək istəyir.
Roman Əliyev əmindir ki, birlik - öz xalqı və vətəninin təəssübkeşi olmaq, Azərbaycanın maraqlarını müdafiə etmək, regionda sülh və inkişaf naminə Azərbaycan torpaqlarını işğaldan azad etmək zərurətini dünyaya çatdırmaq deməkdir. O deyib: “Əlbəttə, diaspor və lobbi təşkilatlarının rolunu artırmalıyıq, yaşadığımız ölkələrdə bütün siyasi və sosial-iqtisadi proseslərdə daha fəal iştirak etməliyik”.
Qurultayda diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı prioritet məsələlər müzakirə olunub. R.Əliyev bildirib ki, rəhbərlik etdiyi diaspor təşkilatı yaxın vaxtlarda “dəyirmi masa”lar, tematik çıxışlar və latviyalı tələbələr üçün ictimai mühazirələr təşkil etməyi planlaşdırır. Bu tədbirlərdə Azərbaycanın tarixi və ölkəmizin uğurlarından danışılacaq. Qurultaydan sonra bu ilki fəaliyyətimizin əsas prioriteti Latviya Universitetinin Akademik Kitabxanası ilə sıx əməkdaşlıqda Azərbaycan informasiya- təhsil mərkəzinin yaradılması olacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa