CƏMİYYƏT
Rus dili kursları Azərbaycan jurnalistləri üçün səmərəli olub VİDEO
Bakı, 25 dekabr, Samirə Allahverdiyeva, AZƏRTAC
Bakıda “Rusdilli jurnalistika: müasir vəziyyət və inkişaf tendensiyası” mövzusunda əlavə təhsil ixtisasartırma proqramı üzrə rus dili kursları başa çatıb. Kurslar AZƏRTAC və Moskva Dövlət Linqvistika Universiteti (MDLU) tərəfindən təşkil edilib.
AZƏRTAC xəbər verir ki, məşğələlər 72 akademik saat həcmində keçirilib.
Kurslarda Azərbaycanın aparıcı media-qurumlarının 25 nümayəndəsi iştirak edib. Məşğələləri MDLU-nun müəllimləri – professor Marina Poletayeva və dosent Lyudmila Barmina aparıblar.
MDLU-nun kafedra müdiri Marina Poletayeva bildirib ki, Azərbaycan jurnalistləri ilə məşğələlər son dərəcə səmərəli olub. O deyib: “Biz mədəniyyətlər və dillər arasında baş tutmuş dialoqa şadıq. Ümidvarıq ki, əməkdaşlığımız bundan sonra da davam edəcək”.
Lyudmila Barmina jurnalistlərimizin hazırlıq səviyyəsini, rus dilinin öyrənilməsinə onların marağını yüksək qiymətləndirib. Dinləyicilər rus dilinin nitq mədəniyyətinə dair məşğələlərə böyük maraq göstərib, xeyli sual verib, məşğələlərdə fəal iştirak ediblər. Onlar rus dilinin inkişafının ümumi meyilləri, spesifik məsələlər, o cümlədən müxtəlif dil vahidlərinin, məsələn, feli sifət və feli bağlama tərkiblərinin işlənməsi halları ilə daha çox maraqlanıblar.
AZƏRTAC-ın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru Tamilla Nuriyeva MDLU-nun müəllimlərinə təşəkkür edərək ümidvar olduğunu bildirib ki, təhsil layihələri çərçivəsində dərslərə davam edəcək.
Sonra müəllimlər əldə olunmuş nəticələrdən danışıblar. Məşğələlərin səmərəliliyini göstərən yekun testlər müzakirə edilib. İştirakçılar kursların təşkilatçılarına təşəkkür ediblər.
Rəsmi mərasimdən sonra kursların dinləyicilərinə sertifikatlar təqdim olunub.