MƏDƏNİYYƏT
Rusiyalı jurnalistlər üçün Şahdağ turu təşkil edilib
Bakı, 20 sentyabr, AZƏRTAC
“Şahdağ” Turizm Mərkəzinə Rusiyanın aparıcı mətbuat orqanlarının təmsilçilərinin iştirak etdiyi bir günlük press-tur təşkil edilib.
“Şahdağ” Turizm Mərkəzinin yalnız xizək kurortu kimi deyil, eyni zamanda ilin bütün mövsümlərində fəaliyyət göstərən istirahət mərkəzi kimi imkanlarının tanıdılması məqsədilə həyata keçirilən press-turda travel.ru, lenta.ru, businesstraveller.com, geo.ru kimi veb portalların, eləcə də “Forbes”, “Аeroflot” və “Uralskiye avialinii” jurnallarının nümayəndələri iştirak edib.
Turizm Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadakı rəsmi nümayəndəliyi “Tour A Vent” şirkəti tərəfindən təşkil olunmuş press-tur zamanı qonaqlar mərkəzdə mövcud olan infrastrukturla yanaşı, yay mövsümü ərzində təklif olunan əyləncələrlə tanış olub, burada fəaliyyət göstərən regionun ən böyük spa mərkəzinin xidmətlərindən istifadə edib, kanat yolları və qondola vasitəsilə Şahdağ yamaclarını yüksəklikdən seyr ediblər.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzi artıq regional səviyyədə kifayət qədər tanınır. Belə ki, Rusiyanın ən məşhur turizm saytlarından biri olan “turstat.com”un araşdırmasına əsasən “Şahdağ” Turizm Mərkəzi MDB məkanında yay turizmi və dağ gəzintilərinin əlverişli olduğu top 10 turizm mərkəzi arasında ilk üçlükdə qərarlaşıb. Bundan əlavə, Rusiyanın tanınmış “forbes.ru” saytı rusiyalı turistlərin Avropada aktiv yay istirahəti üçün üstünlük verdiyi dağ-xizək kurortlarının reytinqini tərtib edərkən “Şahdağ” Turizm Mərkəzi yenidən seçilən istirahət mərkəzləri arasında ilk onluqda yer alıb.