ELM VƏ TƏHSİL
Rusiyanın sabiq dövlət katibi Bakı Slavyan Universitetində
Bakı, 16 mart, AZƏRTAC
Rusiya Federasiyasının sabiq dövlət katibi, 2010-cu ildən Moskva Beynəlxalq Universitetinin politosofiya və fəlsəfə elmləri kafedrasının müdiri Gennadi Burbulis Bakı Slavyan Universitetində (BSU) olub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Nurlana Əliyeva ona rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib. Rektor Rusiya Federasiyasının ali məktəbləri ilə əlaqələrdən, tələbə-müəllim mübadiləsindən, rus dili və ədəbiyyatının tədrisindən, universitetdə fəaliyyət göstərən Rusiya Mədəniyyət Mərkəzinin həyata keçirdiyi tədbirlərdən danışıb. O, hazırda BSU-nun Rusiyanın 27 ali məktəbi ilə sıx əlaqə saxladığını, həmin ali məktəblərin bir çoxunda Azərbaycan mərkəzlərinin fəaliyyət göstərdiyini qonağın diqqətinə çatdırıb.
N.Əliyeva BSU-da multikultural dəyərlərə xüsusi önəm verildiyini, tələbələrin humanizm, insanpərvərlik ruhunda tərbiyə edilməsinin başlıca məqsədi olduğunu vurğulayıb.
G.Burbulis ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin bərqərar olmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. O, BSU-da bütün slavyan dünyasının təmsil olunmasının Azərbaycanın Avropaya inteqrasiya prosesində böyük əhəmiyyət daşıdığını və bunun qazanılan uğurlarda xüsusi payının olduğunu bildirib.
Qonaq Azərbaycanın hazırda Qafqaz və Orta Asiya regionları ilə əlaqələrin siyasi və iqtisadi mərkəzinə çevrilməkdə olduğunu da qeyd edib. G.Burbulis elm və texnologiyanın hazırkı inkişaf mərhələsində hər bir insanın planetimiz üçün narahatlıq keçirməyə borclu olduğunu vurğulayıb. O deyib: “Ölkələr və xalqlar arasında dialoq və qarşılıqlı anlaşma başlıca şərtdir. Soyuq və qaynar müharibələr bəşəriyyəti fəlakətə sürükləyir, güc yolu ilə heç bir problemi həll etmək mümkün deyil”.
Görüşün sonunda G.Burbulis dövlət katibi olduğu illərlə bağlı xatirələrini bölüşüb, tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, G.Burbulis SSRİ-nin və Rusiyanın dövlət xadimi, 1990-1992-ci illərdə Boris Yeltsinin yaxın silahdaşı, Rusiya Sovet Federativ Sosialist Respublikasının ilk və son dövlət katibi olub və həmin dövrdə Rusiyanın siyasətinə böyük təsir göstərib.