İQTİSADİYYAT


SOCAR “OMV Petrol Ofisi A.Ş.”nin yanacaqdoldurma şəbəkəsinin satışı üzrə tenderə təklif verib

A+ A

Bakı, 11 noyabr, Nihad Budaqov, AZƏRTAC

SOCAR Avstriyanın “OMV” enerji şirkətinin Türkiyədə sahibi olduğu “OMV Petrol Ofisi A.Ş.” şirkətinin yanacaqdoldurma şəbəkəsinin satışı üzrə keçirilən tenderə təklif verib.

AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, tenderin ikinci turu üzrə təklif verənlər arasında SOCAR ilə yanaşı, Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” və “Koç Holding”in şəriki olduğu OPET də var.

Xatırladaq ki, ötən ay SOCAR “OMV”nin Türkiyədəki törəməsi “OMV Petrol Ofisi A.Ş.”nin İzmirin Əliağa rayonundakı neft terminalının satın alınması üzrə “OMV Aktiengesellschaft” ilə razılığa gəlmişdi. Terminal 200 min kubmetr maye yanacaq və 45 min kubmetr mayeləşdirilmiş neft qaz (LPG) saxlamaq tutumuna malikdir.

SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev şirkətin “OMV Petrol Ofisi A.Ş.”nin yanacaqdoldurma stansiyaları şəbəkəsinin “OMV”dən satın almaq üçün keçiriləcək tenderə qatılmaq üçün müraciət etdiyini demişdi.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev isə deyib ki, SOCAR “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərini sərfəli şərtlərlə almaq niyyətindədir və ekspertlər bununla bağlı iş aparırlar.

Qeyd edək ki, “OMV” şirkəti bu ilin fevralında “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin hamısını satışa çıxarıb. Şirkətdən edilən şərhdə “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin 100 faizinin satılması üçün bəzi şirkətlərlə danışıqlar aparıldığı bildirilib. “OMV” 1785 “Petrol Ofisi” adlı yanacaqdoldurma şəbəkəsi ilə Türkiyə bazarının lideridir. Şirkət keçən il Türkiyədə 10 milyon tonluq satış reallaşdırdığını açıqlayıb. “OMV” “Petrol Ofisi”ni 2010-cu ildə 1 milyard avroya “Doğan Holdinq”dən alıb.

“Petrol Ofisi” təxminən 2 minədək yanacaqdoldurma stansiyası, bir yağ fabriki, 11 maye yanacaq, 3 LPG dolum terminalı, 19 aerodrom modulu və təxminən 1,17 milyon kubmetrdən çox saxlama tutumu ilə fəaliyyət göstərərək Türkiyənin maye yanacaq sektorunda ən böyük ikinci özəl şirkətidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.