QAN YADDAŞI
“SOCAR PETROLEUM” QSC-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
QSC-dən AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbirdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“SOCAR PETROLEUM” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Prezident İlham Əliyev 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı dövlət səviyyəsində tədbirlər planının hazırlanaraq həyata keçirilməsinin təmin edilməsini tapşırıldığını deyib.
Qeyd edib ki, tariximizə XX əsrin ən dəhşətli faciələrindən biri kimi daxil olmuş Xocalı soyqırımından iyirmi beş il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülüb.
Digər çıxış edənlər də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının təfərrüatlarından, erməni təcavüzkarlarının törətdikləri vəhşiliklərdən, amansızlıqlardan, cinayətin yaddaşlardan silinməyəcək dəhşətlərindən bəhs ediblər. Natiqlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı soyqırımının dünya miqyasında tanıdılmasında gördüyü işlərdən danışıblar. Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyi qeyd olunub.
Sonda Xocalı soyqırımı barədə sənədli film nümayiş etdirilib.